top of page

Sürətlə irəli!


Hələ orta məktəbdə oxuduğumuz illərdə riyaziyyat fənnindən gəminin sürəti barədə məsələlərə tez-tez rast gələrdik və bu məsələlərin həlli maraqlı olardı.

Bəs, ümumiyyətlə suda hərəkət edən nəqliyyat vasitəsinin sürətinə hansı amillər təsir edir?

Bu sualla Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası” kafedrasının müdiri, uzaq səfərlər kapitanı Həzi Nəbiyevə müraciət etdik.

Həzi müəllim, əvvəlcə, gəmidə sürət anlayışına aydınlıq gətirək.

Gəminin sürəti gəminin ən vacib istismar xüsusiyyətlərindən birini təşkil edən və onun yerdəyişməsinin tezliyini təyin edən əməliyyat xarakteristikasıdır. Gəminin sürətinin ölçü vahidi düyündür. Düyün sözünün öz tarixi var. Qədim zamanlarda dənizçilər gəminin sürətini ölçmək üçün taxta kötük parçasından istifadə edərmişlər. Bunun üçün həmin kötük parçasına üzərində bərabər intervallarla düyünlər vurulmuş kəndir bağlanırmış. Sonra həmin kötük hərəkət edən gəminin arxasında suya atılırmış. Dənizçilər 30 saniyəlik qum saatından istifadə edərək həmin müddətdə gəmidən çıxan düyünlərin sayını 30-a bölərək gəminin saatda qət etdiyi məsafəni taparmışlar. Düyün sözünə ingilis dilində “knot” deyilir. Beləliklə , “düyün” (uzel) termini yaranmış və gəmilərin sürətini ölçən bir metrik sistemə çevrilmişdir. 1 düyün = 1.852 km / saat və ya 1 dəniz mili = 1.852 km olaraq hesablanır.

Təcrübədə gəmilər üçün bir neçə sürət anlayışı mövcuddur?

  • təhvil-təslim sürət - gəmi tikildikdən sonra sifarişçiyə təhvil verilən zaman təzə gəminin getdiyi sürətdir.

  • spesifik sürət - müqavilə əsasında gəminin tam yüklə və müəyyən meteoroloji şərtlərdə gəminin nəzərdə tutulmuş sürətidir.

  • istismar sürəti - gəminin orta səviyyəli naviqasiya şəraitində və gəminin hərəkətverici qurğusunun orta statisitk istismar rejimində getdiyi sürətdir.

  • yol sürəti - gəminin çıxdığı limanla gəldiyi limanlar arasındakı məsafəni yola sərf olunan vaxta bölməklə alınan sürətə deyilir.

  • texniki sürət - müəyyən meteoroloji şəraitlərdə, gəminin gövdəsinin dəniz yosunlarından təmiz olduğu halda, gəminin mühərriklərinin uzun müddətli stabil iş rejimində çalışarkən yığdığı sürətə deyilir.

  • minimum sürət - gəminin idarə etməsinin təmin edən sürətə deyilir.

  • təhlükəsiz sürət - gəminin sleming effektinin qarşısını almaq üçün getməli olduğu, pis hava şəraitində, hərəkətin sıx olduğu hallarda, yaxınlıqda naviqasiya təhlükəsinin olduğu hallarda, dalğaların təsirində gəminin dayanıqlığının itirməsi və çevrilməsi riski olduğu hallarda getməli olduğu sürətə deyilir.

İnsandan asılı olmayan faktorlar gəmi sürətinə təsir edirmi?

Bəli, təbiət dənizdə hərəkət edən nəqliyyat vasitəsinin sürətinə az təsir etmir. Gəminin suda olan hissəsinin dəniz yosunları və ümumiyyətlə dəniz canlıları ilə örtülməsi hərəkət sürətinə çox təsir edir. Gəmi gövdəsinin bu cür bitkilərlə örtülməsi onda kələ-kötürlülük yaradır. Bu zaman gəminin suda hərəkətinə müqaviməti artırır. Gəmi gövdəsinin yosunlar və digər su bitkiləri ilə ölçülməsi isti sularda, yəni 40 dərəcə en dairəsindən aşağıda uzun müddət dayanıb qalan gəmilərdə daha intensiv baş verir. Burada dəniz suyunun duzluluğu da rol oynayır. Ona görə deyə bilərik ki, soyuq sularda üzən gəmilərin sürəti cənub sularda üzən gəmilərə nisbətən yosunların az olması səbəbindən daha yüksək olur. Belə ki, həmin sularda dəniz bitkiləri və canlıları nisbətən az olur və gəmi gövdəsinə hopması demək olar ki, baş vermir.

Bəs, dəniz yosunlarının bitməsinə qarşı necə mübarizə aprılır?

Bunu üçün gəminin sualtı hissəsi xüsusi boyalarla bir neçə qat rənglənir. Həmin boyaların tərkibindəki kimyəvi maddələr belə ziyanverici yosunların əmələ gəlməsinə və onların gəminin gövdəsinə yapışmasının qarşısını almaq üçün hələlik ən effektiv vasitə hesab edilir.

Gəminin yüklənməsi onun sürətinə təsir edə bilərmi?

Əlbəttə, gəmi çox yükləndikcə onun suyaoturumu təbii ki, çoxalır və bu halda gəminin su ilə təmas sahəsi artır. Bu isə sürtünmə sahəsini çoxaldır. Sürtünmə sahəsinin artması öz növbəsində sürtünmə müqavimətini artırır, bu isə gəminin sürətini aşağı salır. Gəmiləri yükləyəndə belə yüklərin gəmi üzrə düzgün və bərabər paylanması da nəzərə alınmalıdır. Gəmi düzgün yüklənmədikdə onun sağa və ya sola kreni, arxaya və ya qabağa diferenti əmələ gəlir. Gəminin suya düzgün oturmaması da gəminn sürətinə təsir edən faktorlardır. Bu zaman gəminin burun hissəsi ilə arxa hissəsinin suyaoturumunun bərabər və ya gəminin tipindən asılı olaraq arxa suyaoturumunun bir az arıtq olması məsləhət olunur. Bu hala gəminin arxaya diferentinin olduğu deyilir.

Həzi müəllim, küləyin gücü gəmi sürətinə həmişə müsbət təsir edirmi?

Burada hər şey küləyin gəmiyə hansı istiqamətdə təsir etməyindən asılıdır. Məsələn külək gəmiyə 45 dərəcə və daha az kurs bucaqları istiqamətində təsir edərsə, onda gəmi sürəti hiss olunacaq qədər aşağı düşə bilər. Arxadan təsir edən külək isə əksinə, gəminin sürətini artırır. Amma bu zaman gəminin sağa-sola xaotik hərəkəti yarana bilər və gəminin kursda stabilliyi azalır. Gəmini kursda stabil saxlamaq üçün isə sükanın tez-tez sağa və sola dönməsinə ehtiyac yaranır. Sükanın tez-tez bortdan borta qoyulması isə öz növbəsində gəminin sürətini aşağı sala bilər. Dünya okean və sularında sualtı cərəyanlar da vardır ki, onlar da gəminin hərəkət istiqamətinə doğru olarsa, sürətin artmasına, əksinə yəni gəminin hərəkətinin əksi istiqamətində olarsa sürətin azalması baş verəcəkdir.



642 views0 comments

Recent Posts

See All

Comments


bottom of page