Sinyavskaya "MÜSLÜM MAQOMAYEV" gəmisini ziyarət etdi

Avqustun 19-da dünya şöhrətli müğənni Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya “Müslüm Maqomayev” sürətli sərnişin gəmisində olub. T.Sinyavskayanın “xaç anası” olduğu bu gəmi 18 dekabr 2014-cü il tarixdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə istismara verilib. Gəminin kapitanı T.Sinyavskayanı gəminin iştirak etdiyi layihələr, qazandığı nailiyyətlər haqqında məlumatlandıraraq vurğulayıb ki, heyət Müslüm Maqomayevin adını daşıyan gəmidə calışmaqdan yüksək qürur və məsuliyyət hissi duyur. Kapitan həmçinin qeyd edib ki, T.Sinyavskaya həmişə gəmidə ən hörmətli və ən çox arzu edilən qonaqlardandır. T.Sinyavskaya qonaqpərvərliyə görə minnətdarlığını bildirərək kapitana və gəmi heyətinə yeni-yeni uğurlar arzulayıb.

“MÜSLÜM MAQOMAYEV” katamaran tipli sürətli sərnişin gəmisi, DP2 funksiyalı, yüksək komfortlu olmaqla, dəniz şəraitindən asılı olaraq saatda 30 mildən yuxarı sürətə malikdir. Gəminin heyəti 16 nəfərdən ibarətdir və gəmi 150 nəfər xüsusi təyinatlı neft-qaz personalını tez bir zamanda və rahat şəkildə iş yerlərinə - dənizdə quraşdırılan platformalara çatdırır. “MÜSLÜM MAQOMAYEV” gəmisi dəniz radio-naviqasiya sistemlərinin ən son nailiyyətləri olan texnoloji avadanlıqlarla təchiz edilmişdir. Sərnişinlər fərdi audio sistemlə təchiz edilmiş avia-tipli oturacaqlarda rahat səyahət etməklə, sərnişin sahəsində quraşdırılmış geniş ekranlı video monitorlar vasitəsilə əyləncə və informativ verilişlərə baxa bilirlər. Gəmidə quraşdırılan teleskopik pilləkən qurğusu ilə təchiz edilmiş hidravlik keçid-nərdivan avadanlığı sərnişinlərin hətta yüksək dəniz-hava şəraitində belə təhlükəsiz olaraq platformalara və ya gəmiyə enib–qalxmalarını təmin edir.